2 ay, 1 həftə əvvəl
UFAZ-da Azərbaycanın ən böyük hakaton tədbirlərindən biri olan “JunctionX Baku 2024” baş tutub
UFAZ-da Azərbaycanın ən böyük hakaton tədbirlərindən biri olan “JunctionX Baku 2024” “Yaşıl İqtisadiyyatda Süni İntellekt” mövzusu ilə baş tutub.
Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun dəstəklədiyi və EESTEC Baku-nun təşkil etdiyi tədbir, süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlmiş parlaq zehinləri bir araya gətirib.
UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova qonaqları və iştirakçıları salamlayaraq universitetin bu kimi tədbirlərin təşkilinə marağını və texnoloji ekosistemlə bağlı layihələrə dəstəyini vurğulayıb.
Hakatonun beynəlxalq və lokal təmsilçiləri Junction X-dən Qlobal Əlaqələr şöbəsinin rəhbəri Daniil Frieden və EESTEC Baku-nun rəhbəri Adil Qasımov hakaton haqqında məlumat verərək, Azərbaycanda ilk dəfə keçirilməsi ilə bağlı hazırlıq prosesindən bəhs ediblər.
Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov bu tipli layihələrə Fondun dəstəyinin hər zaman olduğunu və beynəlxalq miqyaslı proyektlərin Azərbaycanda keçirilməsinə daha çox imkan yaradılacağını bildirib. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin direktoru Səbuhi Rzayev təşkilati komandanın layihənin icrası prosesinə necə başlaması, layihənin təşkilati komandasının gördüyü işlər, əməkdaşlıqların necə qurulması barəsində fikirlərini bölüşüb.
4SİM-in Analiz və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və Gənclər Fondunun Gənclər Təşkilati ilə işlər şöbəsinin rəhbəri Orduxan Qəhrəmanzadə ekosistemdə bu kimi tədbirlərin önəmini və təmsil etdikləri qurumun bu sahəyə dəstəyindən bəhs ediblər. Code Academy-nin Marketinq Direktoru Goktug Sarı, PwC Azərbaycandan Texnoloji Menecer Zaur Mustafayev, United Payment Daxili Nəzarət şöbəsinin rəhbəri Rauf Həsənov və ATL Akademiyanın rəhbəri Aydan Həşimova da açılış mərasimində iştirak edərək, komandalara bu önəmli yarışmada uğurlar arzu ediblər.
Hakatonun əsas mövzuları COP29 istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyalarını əhatə edir. İştirakçılar növbəti 36 saat ərzində süni intellekt əsaslı həllər hazırlayıblar, bir qalib isə “Evergreen” adlı komanda olub. Qalib komanda Helsinkidə, Finlandiyada keçiriləcək əsas Junction tədbirində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, JunctionX Baku 2024 Finlandiyada yaranan və bütün dünyaya yayılan qlobal Junction hakathon hərəkatının bir hissəsidir və gənc texnologiya həvəskarları arasında innovasiyanı təşviq edir. JunctionX Baku, Azərbaycanda real dünya problemlərinə texnologiya əsaslı həllər yaratmaq üçün tələbələri, inkişaf etdiriciləri və yenilikçiləri bir araya gətirir.